Badamdar qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir
Aprelin 13-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Badamdar qəsəbəsi, Məktəbli küçəsi 16 ünvanında yerləşən 239 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat vermişdir.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, marşrut xətlərinin dəyişdirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, kanalizasiya xətlərinin təmir olunması, məişət tullantıları üçün nəzərdə tutulan qutuların quraşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.