132-134 nömrəli Təhsil Kompleksində “Fransa günü” keçirildi
Aprelin 14-də 132-134 nömrəli Təhsil Kompleksində ənənəvi “Fransa günü” keçirildi. Tədbirdə Fransanın Azərbaycandakı Səfiri Zakari Qros, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İlqar Dadaşov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin marketinq idarəsinin rəisi Mehman Kərimov, eləcə də Səbail rayon İcra Hakimiyyətinin, Azərbaycan Dillər Universitetinin nümayəndələri və dəvət olunan çoxsaylı qonaqlar iştirak etdilər.
Qonaqlar ilk öncə Təhsil Kompleksinin şagirdlərinin və “Kiçik Akademiya” üzvlərinin “Qarabağ Azərbaycandır!” tədqiqat layihəsi, eləcə də Azərbaycanın bölgələrinin təbii sərvətlərinin öyrənilməsi üzrə keçirilən digər layihələr çərçivəsində hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış oldular. Daha sonra Kompleksin Akt zalında “Fransa günü” ilə bağlı tədbir keçirildi.
Tədbiri açıq elan edərək qonaqları salamlayan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova Azərbaycanda ilk dəfə olaraq Avropa (Fransa) modeli olan “Ana məktəb” layihəsinin (The Maternal School) məhz Təhsil Kompleksi nəzdində fəaliyyətə başlaması, Kompleksin 2011-ci ildən etibarən Fransanın məşhur “Ecole de Roshes” məktəbi ilə qardaşlaşmış məktəblər layihəsi çərçivəsində sıx əməkdaşlığı, “Ana məktəb” layihəsi üzrə Kompleksdə dərs deyən müəllimlərin və təhsil alan şagirdlərin dəfələrlə Fransada təlimlərdə iştirakı, əldə olunan nailiyyətlər haqqında danışdı.
Tədbirdə Fransanın Azərbaycandakı Səfiri Zakari Qros, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İlqar Dadaşov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin marketinq idarəsinin rəisi Mehman Kərimov və Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şahin Talıbov çıxış etdilər. Çıxışlarda Azərbaycan-Fransa diplomatik əlaqələrinin inkişafı, 132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycanda fransız dilinin inkişafı istiqamətində gördüyü işlər və bu fəaliyyətə mühüm töhfələrindən bəhs edildi.
Tədbirin bədii hissəsində Təhsil Kompleksinin şagirdləri Fransa mədəniyyətinin müxtəlif nümunələrinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, Fransız dilində mahnılar oxudular, şerlər səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər, eyni zamanda Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sindən şer nümunələrini, səhnəcikləri Azərbaycan dilində ifa etdilər, Azərbaycanla bağlı mahnılar oxudular və səhnədə Azərbaycan-Fransa dostluğu və mədəni əməkdaşlığının əyani nümunəsini göstərdilər.
Tədbirdə ötən illərdə 132-134 nömrəli Təhsil Kompleksində keçirilən “Fransa günləri”ndən kadrların nümayiş olunduğu geniş videoçarx təqdim olundu.