Səbaildə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru Zahid Şərifov, Milli QHT Forumunun Prezidenti Rauf Zeyni, Səbail Rayon Polis İdarəsinin əməkdaşı Emin Bağırzadə, Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu Günay Babayeva, Səbail RİHBA-nın əməkdaşları, mətbuat nümayəndələri, pedaqoji işçilər və tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Eldar Ağayev bildirmişdir ki, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilmişdir. Bu istiqamətdə RİH ilə birlikdə hüquq mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri də geniş fəaliyyət göstərirlər. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşması və genefond üçün mühüm təhlükə olduğu üçün bu qəbildən olan tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir. Qeyd olunmuşdur ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru Zahid Şərifov, Milli QHT Forumunun Prezidenti Rauf Zeyni, Səbail Rayon Polis İdarəsinin əməkdaşı Emin Bağırzadə, Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu Günay Babayeva ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələrin qoyulduğunu qeyd etmişlər. Vurğulanmışdır ki, ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonda qonaqlar mövzu ətrafında tələbələri maraqlandıran sualları cavablandırmışlar.