Səbail rayonunda yeni 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik ilk hesabatını vermişdir
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq 2012-ci ilin sonunda Səbail rayonunda İcra Hakimiyyəti Başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri yaradılmışdır. Gənc və işgüzar kadrların çalışdığı bu nümayəndəliklər ötən ilin əvvəlindən tam şəkildə fəaliyyətə başlamışlar.
Dənizkənarı Milli Parkda yerləşən Bakı Biznes Mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Səbail rayonunun mərkəz ərazilərini əhatə edən 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilmişdir.
Toplantıda 2013-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirmişdir ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən «Şəhidlər Xiyabanı» Kompleksinin ərazisində inşa edilmiş inzibiti binada nümayəndəlik üçün xüsusi yer ayrılmış, bura hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuşdur.
2013-cü ildə nümayəndəliyin ərazisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, «Alov qüllələri» Kompleksindəki «Fairmont Baku» otelinin, Neftçilər prospektində ikimərtəbəli yeraltı avtomobil dayanacağının, Dağüstü parkın, Qız qalasının, Xalça Muzeyinin yeni binasının, əsaslı təmirdən sonra Səbail rayon İcra Hakimiyyəti binasının açılış mərasimləri keçirilmişdir.
Ötən il «Fəvvarələr Meydanı»nda 260 avtomobil yerlik yerüstü qarac istifadəyə verilmiş, 1 saylı şəhər poliklinikasında, 7 saylı orta məktəbdə, 44 saylı uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunmuşdur.
RİH tərəfindən «Şəhidlər Xiyabanı» kompleksində 20 Yanvar cəmiyyəti, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının qərargahları, həmçinin xiyabana xidmət göstərərən təsərrüfat xidmətləri işçiləri üçün inzibati bina tikilmişdir.
Hazırda rayonun mərkəz ərazisində «Alov qüllələri» kompleksinin və «Cənub» mehmanxanasının tikintisi, 10 çox mərtəbəli yaşayış binalarının təmiri və üzlənməsi, İdman oyunları stadionunun, 2 saylı şəhər poliklinikasının əsaslı təmiri aparılır.
Ötən il nümayəndəlik tərəfindən ilk növbədə ev təsərrüfatları uçotu kitabları tərtib olunmuş, bu sahədə aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır.
Hesabat dövründə ərazidə yerləşən idarə və təşkilarlar, orta və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq işləri aparılmış, ərazidəki bir sıra müəssisələrdə keçirilən tədbirlərdə iştirak edilmişdir.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cır şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.