49 saylı "İntellekt" məktəb-liseyində FHN “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib
Səbail rayonu, 49 saylı "İntellekt" məktəb-liseyində Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Səbail rayonundakı “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Bakı Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru Təhminə Əsədova burada verilən məlumatların məktəblilərin fövqəladə hallar zamanı davranışlarına müsbət təsir göstərəcəyini deyib. Tədbirin maarifləndirmə baxımından əhəmiyyətinə toxunub.
FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, bu silsilə tədbirlər Bakı şəhərinin bütün rayonlarının icra hakimiyyətləri, bələdiyyələri, orta və ali təhsil müəssisələri ilə birgə keçirilir. Tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, qarşısını almaq və ya baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir.
Tədbirin nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə müxtəlif mövzularda çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlar və s. bağlı ətraflı məlumat vermişlər.
Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış videoçarxlar nümayiş etdirilmişdir. Daha sonra tədbir iştirakçılarına zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilmiş, məktəb şagirdlərinin fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır.
Praktik hissə zamanı məktəbin həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Bakı Regional Mərkəzininin xilasediciləri tərəfindən “Sprinter” (Mercedes BENZ) markalı Xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin xüsusi olaraq əraziyə gətirilmiş akvalanq, xilasetmə və üzmə vasitələri, Mülki müdafiə qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, FHN Xüsusi Riskli Xilasetmənin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, xüsusi kinologiya avtomobili, eləcə də FHN Tibb Xidmətinin əməkdaşları tərəfindən maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.
Bundan əlavə məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğu XRXX-nin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilməsi məqsədilə ərazidən uzaqlaşdırılmışdır.
Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində Yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.