Şriftin ölçüsü :

Saytın rəngi :

132-134 nömrəli Təhsil Kompleksində 44 günlük Vətən Müharibəsində Şəhid olan qəhrəman məzunların əziz xatirələrinə həsr olunan Hərbi-İdman oyunları keçirildi

04 iyun 2022 | 16:09

İyunun 3-də 132-134 nömrəli Təhsil Kompleksində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Təhsil Kompleksinin qəhrəman məzunları Nicat Tarıverdiyevin, Fərid Əliyevin və Yusif Budaqovun əziz və əbədiyaşar xatirələrinə həsr olunan 5-ci sinif şagirdləri arasında Hərbi-İdman oyunları keçirildi. Tədbirdə şəhid valideynləri və ailə üzvləri, Birinci və İkinci Qarabağ Müharibəsinin qaziləri, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları və Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri və çoxsaylı qonaqlar iştirak etdilər.
Tədbiri açıq elan edərək Şəhid ailə üzvlərini və qonaqları salamlayan Təhsil Kompleksinin direktoru Sara Xanlarova Azərbaycan xalqının Şanlı Qarabağ Zəfəri haqqında qürurla bəhs etdi. Vurğulandı ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük müqəddəs Vətən müharibəsində müstəqil Azərbaycanın hərb tarixinin ən şanlı Qələbə səhifələrini yazdı. Azərbaycan xalqının qəhrəman oğulları, Şəhidlərimiz, qazilərimiz bu müharibədə nəinki xalqımızın 30 illik Vətən torpağı həsrətinə son qoydular, eyni zamanda əsl qəhrəmanlıq, igidlik dastanına imza atdılar. Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi sülh, əmin-amanlıq şəraitində yaşayacaq və Vətən torpağı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini daima ehtiramla yad edəcək, bu əmanəti nəsildən-nəsilə ötürəcək, gələn hər yeni nəsil qəhrəman Şəhidlərimizin adlarını, Vətən qarşısındakı misilsiz xidmətlərini daima yaşadacaqdır.
Səbail RİHB-nın müavini Kəmalə Həşimova çıxışında bildirmişdir ki: “Hər bir günü qəhrəmanlıq dastanı, hər bir günü bizim üçün əziz, doğma olan 44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, bizim qəhrəman hərbçilərimizə, şəhidlərimizə borcluyuq. Şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır. Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Cənab Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbərinin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir”.
Daha sonra Əsgər Marşı sədaları altında 132-134 nömrəli Təhsil Kompleksinin Hərbi-İdman komandası çıxış etdi. Tədbir Hərbi-İdman oyunlarına aid üç estafet yarışı ilə davam etdi. Beşincilərimiz qəhrəman məzun Şəhidlərimizin adlarını daşıyan 3 komanda tərkibində estafet yarışlarında mübarizə apardılar. Tədbirdə Şəhidlərimizə həsr olunan musiqi nömrələri səsləndirildi.
Təltifetmə mərasimində Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşları həm bugünkü Estafet yarışlarının, eyni zamanda Səbail rayonunda keçirilmiş Şahin Hərbi-İdman oyunlarının və şahmat yarışının qaliblərini diplomlarla təltif etdilər.

Keçidlər