Səbail rayonu 132-134 nömrəli təhsil kompleksində “Son zəng” tədbiri keçirilmişdir
Səbail rayonu 132–134 nömrəli təhsil kompleksində “Son zəng” tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Səbail rayonu 132-134 nömrəli təhsil kompleksinin direktoru Aygün Mikayılova, Azərbaycanda Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərov, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Vətən müharibəsi şəhidləri – Nicat Tarverdiyev, Fərid Əliyev və Yusif Budaqovun valideynləri, pedaqoji kollektiv və valideynlər iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Çıxış edən natiqlər məzunları müstəqil həyatın astanasında qədəm qoymaları münasibətilə təbrik etmiş, onlara gələcək ali təhsil və karyera yollarında uğurlar arzulamışlar. Bildirilmişdir ki, ölkəmizdə gənc nəslin savadlı, vətənpərvər və milli dəyərlərə sadiq yetişməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Məhz Ulu Öndərin uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini vermişdir. Ümummilli Lider tərəfindən təməli qoyulmuş bu inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə böyük qətiyyət və uğurla davam etdirilməkdədir.
Tədbir zamanı şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda mahnılar və şeirlər nümayiş etdirilmişdir. Tədbirin sonunda məzunlar üçün gələcək həyatın başlanğıcını rəmzi olaraq ifadə edən sonuncu zəng çalınmışdır.






