Şriftin ölçüsü :

Saytın rəngi :

Milli İncəsənət Muzeyində gənc ifaçıların konserti keçirilmişdir

01 mart 2014 | 16:00

Səbail rayonu, Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbi şagirdlərinin R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində konserti keçirilmişdir. Konsert ərəfisində böyük hazırlıq işləri aparılmış, eyni  zamanda onun keçirilmə məkanı da xüsusi olaraq seçilmişdir.
İlk növbədə konsertə gələn şagirdlər və onların valideynləri, çoxsaylı qonaqlar Milli İncəsənət Muzeyinin yeni ekspozisiyası ilə tanış olmuşlar. Muzeyin akt zalında toplaşanları salamlayan R.Behbudov adına 2 saylı Musiqi məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva məktəbin tarixi, uğurları və məzunlarının nailiyyətləri, bu günki konsert iştirakçıları barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, 1940-cı il sentyabrın 1-də fəaliyyətə başlayan musiqi məktəbində hazırda  385 nəfər şagird təhsil alır. 75 nəfər ali təhsilli pedaqoq fortepiano, skripka, tar, kamança, balaban, klarnet, fleyta, vionelçel, akkordion, qanon, nağara və s. ixtisasları üzrə şagirdlərə dərs deyir. Məktəbdə həm də xor, xalq çalğı alətləri və skripkaçılar ansamblı fəaliyyət göstərir. 
Respublikanın əsas simfonik və kamera orkestrlərinin aparıcı solistləri, həmçinin xalq artisti Şəfiqə Eyvazova, əməkdar artistlər Eyyub Yaqubov, Elnur Həmidov (kamança), Zaur Əmiraslanov və Fərqanə Qasımova, populyar müğənnilər Avroviziya müsabiqəsinin qalibi Eldar Qasımov, müsabiqə istirakçıları Aysel Teymurzadə, Fərid Məmmədov, Safura Əlizadə bəstəkar Aydın Əzimov, Zöhrab Adıgözəlzadə və bir çox tanınmış musiqiçilər məktəbin məzunlarıdır.
Məktəbin müxtəlif siniflərində oxuyan, bir sıra müsabiqələrlə uğurla çıxış edən şagirdlərinin ifasında konsert proqramına fortepianoda S.Prokofyevin «Marş»ı ilə 2-ci sinif şagirdi İranə Abbasəlizadə başladı, sonra fortepianoda Leyla Tomayeva, Anastasiya Xervord, Məlik Cəfərov, Aydan Vəzirova, Respublika müsabiqəsinin qalibi Reyhan Abdulcəlilova, Səriyyə Salmanzadə, fleytada Rəsul Əliyev, kamançada Zabitə Nəsirli, skripkada Nigar Şibliyeva, tarda Q.Qarayev adına II Respublika müsabiqəsinin laureatı Rauf Nəcəfov və Respublika müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Əli Məlikov,  məktəbin skripkasılar ansamblı öz çıxışları ilə toplaşanların alqışları ilə qarşılandılar.
Tədbirin sonunda məktəbin  məzunu Sadıq Məlikovun ifasında Rəşid Behbudovun repertuarından mahnılar səslənmişdir.
Konsert proqramı başa çatdıqdan sonra tədbirdə iştirak edən Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko, Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Cəmilə Səttarova və digərlər qonaqlar məktəb şagirdlərinin   ifalarını yüksək qiymətləndirdilər və onlara yaradıcılıq uğurları arzuladılar.
Məktəbin direktoru Qəmər Quliyeva qonaqlara öz minnətdarlığını bildirərək bu kimi konsert proqramlarının rayondakı digər mədəniyyət ocaqlarında da mütəmadi olaraq keçiriləcəyini bildirmişdir.

Keçidlər