Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoram istifadəyə verilmişdir Prezident İlham Əliyev açılışda iştirak etmişdir
Martın 10-da Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Prezident İlham Əliyevin tapşırığı ilə Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması layihəsinin uğurla icra olunması Bakının simasını tamamilə dəyişmişdir. Şəhər sakinlərinin və eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli təşkili üçün qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılmışdır. Burada müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib istifadəyə verilmişdir. Bakı Bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrasına başlanılmışdır.
Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın Dutch Wheels (Daç Vilz) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanılmışdır. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilmişdir.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verildi.
Qeyd edildi ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə vardır.
Dövlətimizin başçısı və xanımı yeni qurğu ilə yaxından tanış oldular.
Yeni attraksion-panoram yaxın günlərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcəkdir.