Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaillilərin cəbhə bölgəsində xidmət edən əsgərlərə ənənəvi Novruz töhfəsi

19 mart 2014 | 16:00

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Səbail İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əşgərlərlə tədbir keçirilmişdir. Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. 
Hərbi hissədə, əsgər kazarmaları və təmas xəttindəki bir neçə bölüklərlə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulamışdır.
Qonaqlar hərbi hissə və onun yeni istifadəyə verilmiş kazarmalar üçün Səbail RİH-nin hədiyyələrini, döyüş bölgəsi üçün xüsusi olaraq vacib olan ləvazimatları, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışlar.
Hərbi hissə komandanlığı adından çıxış edən «N» saylı hərbi hissəinin komandir müavini  polkovnik-leytenant Valeh Rəcəbov şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Keçirilən bayram tədbirində Səbail və Tərtər rayon rəhbərliyi, Səbail rayon ictimaiyyəti nümayəndələri, hərbi hissəinin rəhbər komanda heyəti ilə yanaşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İdarə rəisi polkovnik Aydın Ələsgərov, Tərtər rayon hərbi prokuroru polkovnik-leytenant Fuad Məmmədov və digər rəsmi qonaqlar da iştirak etmişlər. 
Sonra respublikamızın tanınmış incəsənət ustaları   döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur.  Populyar müğənnilər Elton Hüseynəliyev və Sevda Yəhyayevanın  gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.
Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra Hakimiyyətinə və  incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.
Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdən sonra bayram münasibəti ilə nümunəvi xidmətə görə qısamüddətli məzuniyyətlə mükafatlandırılmış 6 nəfər əsgər Səbail RİH-nin nümayəndələri tərəfindən evlərinə çatdırılmış və bu da onların ailələri üçün bayram sürprizi olmuşdur. 

 

 


 

Keçidlər