Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə tanış olmuşdur

18 mart 2014 | 16:00

 Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış olmuşlar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyasını təqdim etmişdir.
Dövlət tarix-memarlıq qoruq-muzey statusunu almış Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə olaraq qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaqdır. İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin milli mədəni irsimizə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunmasında və dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük rolu xüsusi qeyd edilməlidir. Məhz, Heydər Əliyev Fondunun təşəbbüsü ilə maddi-mədəniyyət abidələrimizin, xalqımızın zəngin mənəvi irsinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında tanınmağa başlamışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə yaxından tanış oldular.

Keçidlər