Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir

20 mart 2014 | 16:00

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak etmişlər.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinlədilər.
Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Prezident İlham Əliyev və Mehriban Əliyeva, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etdilər.
Dövlətimizin başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.
Prezident və xanımı bayram şənliyində nümayiş etdirilən “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimata baxdılar, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izlədilər.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Keçidlər