Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə işlərinin həyata keçirilməsi ilə bağlı müşavirə keçirilmişdir

29 mart 2014 | 16:00

Martın 28-də Fövqəladə Hallar Nazirliyinin  və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə nazirliyin müxtəlif qurumlarının və regional mərkəzlərinin məsul əməkdaşları, paytaxtın rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəisləri, Bakı şəhəri üzrə təhsil, baş səhiyyə və baş polis idarələrinin nümayəndələri iştirak etmişlər.
Müşavirənin əsas məqsədi baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərinin həyata keçirilməsi zamanı yerli icra hakimiyyətləri ilə FHN-in müvafiq strukturları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.
Müşavirədə çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə tədbirin əhəmiyyətindən danışmış, bu cür müşavirələrin FHN və icra hakimiyyətləri arasında qarşılıqlı fəaliyyətin güclənməsinə xidmət etdiyini bildirmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında bu cür görüşlərin səmərəsindən və vacibliyindən bəhs etmişdir.
Müşavirədə nazirliyin məsul əməkdaşları “FHN-in Bakı Regional Mərkəzinin icra hakimiyyəti orqanları ilə iş təcrübəsi-problemlər, istifadə olunmamış imkanlar, perspektivlər”, “FHN-in regional mərkəzlərinin yerli icra orqanları ilə qarşılıqlı fəaliyyəti”, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzularında məruzələr dinlənilmişdir.

Keçidlər