Səbaildə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib
İyunun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycan Dövlət Pedoqoli Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, Səbail RİHBA-nın əməkdaşları, pedaqoji işçilər və tələbələr iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra Azərbaycan xalqının dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Tədbir zamanı çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir.