Bakının Səbail rayonundakı 190 nömrəli orta məktəbdə Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilmişdir
Hər zaman ədəbiyyatımıza, incəsənətimizə, mədəniyyətimizə böyük diqqət yetirən Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində Xalq Yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd edilir. Bakının Səbail rayonundakı 190 nömrəli orta məktəbdə görkəmli nasir və dramaturq, Xalq Yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Ədəbi-bədii gecəni 190 nömrəli məktəbin direktoru, Əməkdar Müəllim Afət Bakıxanova açaraq İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə etmiş, universitetdə oxuduğu illərdə bu böyük sənətkarın pərəstişkarına çevrildiyini, onun yaradıcılığını daim izlədiyini demişdir.
Tədbirdə İlyas Əfəndiyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmiş, məktəbin tədris hissə müdiri, Əməkdar Müəllim Qənirə Əmircanova İlyas Əfəndiyevin ədəbiyyatımıza verdiyi töhfələrdən danışmışdir.
Tədbirdə çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, milli mənəvi dəyərlərə hörmət onun yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olmuşdur.
İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesindəki Kamran obrazı ilə aktyorluq vəsiqəsi alan Xalq Artisti Nurəddin Mehdixanlı isə demişdir ki, mənsub olduğu millətin tarixini, taleyini dərindən bilən İlyas Əfəndiyevin hər sözü canlı idi. O, hiss və duyğularını sözlərə köçürməyi bacarırdı, sovet rejimimi hökmranlıq etdiyi bir dövrdə heç kimin deyə bilmədiyini qəhrəmanlarının dili ilə deməyi bacarırdı. Elə təkcə bunlara görə İlyas Əfəndiyev Azərbaycan xalqının taleyi, canlı sözü və əbədi heykəlidir.
İlyas Əfəndiyevin əsərlərinin tədqiqatçısı, professor Abit Tahirli isə yazıçının publisistik fəaliyyətindən danışmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Təyyar Salamoğlu demişdir ki, Azərbaycan ədəbiyyatı tarixində həm nəsr, həm də dramaturgiya sahəsində onun kimi aramsız çalışmış və hər iki sahədə öz bədii üslubunu təsdiq etmiş ikinci bir yazıçı tapmaq çox çətindir. Qeyd edilmişdir ki, İlyas Əfəndiyev bütün əsərlərində milli tarixi varlığımızı bərpa etməyə çalışmışdır.
Baş nazirin müavinin köməkçisi Əkrəm Qaflanoğlu isə dərin müşahidə və dinləmək qabiliyyəti olan böyük dramaturqla bağlı xatirələrini söyləmişdir. Diqqətə çatdırmışdır ki, məktəbli və yeniyetmələr vətənpərvər və duyğulu bir insan kimi yetişmələri üçün bu əsərləri oxumalıdırlar.
Tədbirdə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, yazıçı dramaturq Əli Əmirli, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfzadə çıxış edərək İlyas Əfəndiyevin yaradıcılıq məziyyətlərindən danışmış və onunla bağlı xatirələrini bölüşmüşlər.
Tədbirdə İlyas Əfəndiyev haqqında sənədli film nümayiş olunmuşdur. Həmçinin İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə də ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilmişdir.
Məktəbin yuxarı sinif şagirdlərinin görkəmli sənətkar İlyas Əfəndiyevin “Apardı sellər Saranı”, “Sən həmişə mənimləsən”, Xurşudbanu Natəvan” və “Hökmdar və qızı” əsərləri əsasında hazırladıqları səhnəciklər alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda çıxış edən İlyas Əfəndiyevin nəvəsi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva demişdir ki, babam həyata bağlı, insanların psixologiyasını dərindən bilər bir insan idi. “Babam 82 il ömür sürmüşdür. Bu yaşda da İlyas babam tanıdığım ən gənc insanlardan biri idi”,- deyə o, bildirmişdir.
Günay Əfəndiyeva babasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.