Səbail rayonunun nümayəndələri Silahlı Qüvvələr gününü ənənəvi olaraq cəbhə bölgəsində xidmət edən əsgərlərlə keçirmişlər
Öz ənənəsinə sadiq salaraq Səbail İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayənsi 26 İyun – Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə cəbhə bölgəsində rayonun hamiçilik etdiyi «N» saylı hərbi hissədə, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgər və zabitlərimizin qonağı olmuşlar. İlk öncə rayonun nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti ilə maraqlanmış, maraqlı söhbətlər aparmışlar.
Sonra qonaqlar əsgər kazarmalarına, yeni inşa olunmuş yeməkxanaya baxmış və əsgərlərimizin məişət şəraiti ilə yaxından tanış olmuşlar.
Hərbi hissə ilə tanışlıq zamanı Səbail rayon nümayəndələri rayondan hərbi xidmətə çağrılmış və həmin hərbi hissədə xidmət edən əsgərlərlə də görüşmüş, onlara məzunu olduqları orta məktəblərin kollektivlərinin salamlarını və hədiyyələrini çatdırmışlar. Rayondan çağrılmış əsgərlərin xidmətdəki uğurları qonaqları xüsusilə sevindirmişdir.
Hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Bildirilmişdir ki, son günlərdə düşmən Ermənistan tərəfindən cəbhənin bir çox istiqamətlərində, o cümlədən bu gün Səbailli qonaqların görüşə gəldiyi hərbi hissənin xidməti ərazilərində atəşkəsi pozmuşdur. Əsgər və zabitlərimizin fədakarlığı nəticəsində düşmənə layiqli cavab verilmiş, o tələfat verərək mövqelərinə çəkilmişdir. Düşmən tərəfindən hər gün atəşkəsin pozulmasına baxmayaraq Ordumuz mətinliklə öz xidmətini davam etdirir. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir. Qeyd edilmişdir ki, bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait ilbəil artırılır və düşmənimiz Ermənistanın ümumi dövlət büdcəsini üstələyir.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulamışdır.
Qonaqlar Səbail RİH-nin və rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları sovqatları və cəbhə şaraitində əsgərlərimizin xidməti üçün vacib olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmiş, xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar.
Hərbi hissə komandanlığının nümayəndəsi şəxsi heyətin xidməti və döyüş hazırlığı, bu gün cəbhə xəttində yaranmış şəraitl barədə məlumat vermiş, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük bayram konserti vermişlər. Gənclərin sevimlisi Mina, «Vüqar» nəfər qrupu, populyar müğənnilərimiz Azəri qızı Günel və Tünar, estradamızın ən populyar müğənnilərindən olan Röyanın gözəl ifaları əsgərlər tərəfindən xususi rəğbətlə və sürəkli alqışlarla qarşılanmış, profesional ifaçılarla yanaşı onlar da öz məharətini göstərmişlər.
Tədbirdə Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuş, bayram münasibəti ilə xidmətdə fərqlənən 6 nəfər əsgər 10 günlük məzuniyyətlə mükafatlandırılmış və Səbailli qonaqlar həmin əsgərləri evlərinə çatdırmışlır.
Cəbhə bölgəsində keçirilən tədbirlə yanaşı Səbail rayonunun nümayəndələri rayon ilə böyük dostluq və sıx əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olmuşlar.
Rayon nümayəndələri həmin hərbi hissədə də əsgərlərin şəraiti və hərbiçilərin döyüş hazırlığı ilə tanış olmuş, burada da böyük bayram konserti təşkil olunmuşdur.