Səbail rayonu 162 nömrəli tam orta məktəbdə Zəfər Günü ilə əlaqəli tədbir keçirilib
Noyabrın 4-də Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə “Zəfərin Mübarək, Vətən” mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə millət vəkili Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşları, şəhid və qazilərin ailələri, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin əziz xatirəsinə quraşdırılmış xatirə lövhəsinin önünə gül dəstələri düzülmüşdür.
Tədbir zamanı hərbi sahədə qazanılan qələbələrdən söz açılmış, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi vurğulanmışdır. Bildirilmişdir ki, bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Daha sonra tədbirdə şagirdlərin ifasında təqdim olunan kompozisiya, rəqs və mahnılar, şeirlər, sərgilənən rəsm əsərləri maraqla qarşılanmışdır.