ADİU-da Ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib
Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev strategiyasının təntənəsi: firavan gələcəyə doğru” mövzusunda elmi konfrans keçirilib.
Tədbir iştirakçıları ilk olaraq Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir ADİU-nun akt zalında davam etdirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov Ümummilli lider Heydər Əliyevin Azərbaycanın ictimai, siyasi və iqtisadi sahədə həyata keçirdiyi fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov vurğulayıb ki, müasir Azərbaycanın memarı olan ulu öndər H.Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyib, bu yolda qəti addımlar atıb, əməli işlər görüb, iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurub.
Sonra qonaqlar, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və başqaları çıxış edərək bildiriblər ki, Ulu öndərin reallaşdırdığı milli iqtisadi inkişaf modeli sayəsində ölkəmiz dünyanın ən surətli inkişaf edən ölkələri sırasına daxil olub. Qeyd olunub ki, Azərbaycanın bu günkü səviyyəyə gəlib çıxması, sürətli iqtisadi inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra “Heydər Əliyevin uğur modeli: perspektiv gözləntilər”,“Heydər Əliyev Azərbaycan dövlətçiliyinin rəmzi kimi” və digər mövzular ətrafında çıxışlar olub.