“Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşü başa çatmışdır
11 may 2014 - “Azərbaycan turu” beynəlxalq veloyürüşü başa çatmışdır.
İdmançılar beşinci yekun mərhələsində Bakı-Abşeron-Bakı marşrutu üzrə 202 kilometr məsafə qət etmişlər.
Beşinci mərhələdə Fransanın “La Pomme Marseille 13” komandasından olan Jüstin Jül finiş xəttini birinci keçmişdir. İkinci yeri “MTN-Qhubeka” komandasının (CAR) üzvü Yusef Regigi tutmuşdur.
“Azərbaycan turu”nun qalibi Rusiyanın “Rusvelo” klubunun velosipedçisi İlnur Zakarin olmuşdur.
Ən yaxşı dağ yürüşçüsünün qırmızı maykası “MTN-Qhubeka” klubunun üzvü Linus Gerdemannda qalmışdır.
Ən yaxşı sprinterin yaşıl maykası “Kolss” komandasından olan ukraynalı Vitali Butsddadır.
Ən yaxşı gənc yürüşçü və bənövşəyi maykanın sahibi Avstraliya yığmasının üzvü Robert Poverdir.
Azərbaycanın “Sinerji-Bakı” komandasının ən yaxşı veloyürüşçüsü müəyyənləşmişdir: bu, Samir Cəbrayılovdur.
Xatırladaq ki, “Azərbaycan turu” mayın 7-də Bakıda start götürmüşdür. Beş gün davam etmiş yürüşdə idmançılar Bakı-Sumqayıt, Bakı-İsmayıllı, Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ, Qəbələ-Şamaxı-Pirqulu, Bakı-Abşeron-Bakı marşrutları üzrə yarışmışlar.
Qeyd edək ki, “Azərbaycan turu” beynəlxalq veloyürüşündə 22 ölkəni təmsil edən 25 komanda birincilik uğrunda mübarizə aparmışdır. Onlardan 8-i qitələrarası lisenziya almışdır: bunlar “MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) komandalırıdır. Turnirdə Azərbaycanı “Synergy Baku Cycling Project” komandaları təmsil edir. Dünyanın 17 qitələrarası komandasından 8-i “Azərbaycan turu”nda iştirak etmişdir.
Bir daha xatırladaq ki, turnirin birinci turunda qələbəni Kenni Van Xummel (Niderland) bayram etmişdir. Vitali Buts (Ukrayna) ikinci, David Viqano (İtaliya) isə üçüncü yerləri tutmuşlar.
İkinci turda Sloveniyanın “Adria Mobil” komandasından olan Primoz Roqliç finiş xəttini birinci keçmiş, ikinci yeri Astraliyanın “Drapac Professional Cycling” komandasından olan Uilyam Klark, üçüncü yeri isə İtaliyanın “Neri Sottoli” komandasının üzvü Rafael Andreato tutmuşlar.
Üçüncü mərhələdə finişə birinci “MTN-Qhubeka” komandasının (CAR) idmançısı Yusef Regigi çatmış, ikinci yeri Sloveniyanın “Adria Mobil” komandasının üzvü Matey Mugerli, üçüncü yeri isə “Snimano” komandasının (İsveç) üzvü danimarkalı Kristian Yensen tutmuşlar.
Dördüncü mərhələdə “MTN-Qhubeka” komandasından olan alman Linus Gerdemann finişə birinci çatmışdır. L.Gerdemann 2007-ci ildə “Tur de Frans” yürüşünün qalibi olmuşdur. İkinci yeri Rusiyanın “Rusvelo” komandasının üzvü İlnur Zakarin, üçüncü yeri isə Ukraynanın “Kolss” komandasının idmançısı Vitali Buts tutmuşlar.