Ulu Öndərin zəngin və mənalı ömür yolu gənc nəsil üçün bir örnəkdir
10 may 2014 - Səbail rayonu 132-134 saylı Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Təhsil kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan söhbət açmış, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini minnətdarlıqla xatırlamışdır. Bildirmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin inkişafı, xalqın gələcəyi naminə əlindən gələni etmişdir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir.
Bildirilmişdir ki, 2010-cu ildə 150 yaşlı bu tarixi binada Azərbaycan Prezidentinin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidənqurma işləri aparılması və şagirdlərin istifadəsinə verilməsi dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Ulu Öndərin zəngin və mənalı ömür yolunun, ideya-nəzəri irsinin gənc nəsil üçün bir örnək, nümunəvi həyat məktəbi olmasından danışmışdır.
Sonra 132-134 nömrəli təhsil kompleksinin şagirdləri dahi rəhbər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Ümummilli Liderə həsr olunmuş sənədli film və videoslaydlar nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak etmişdir.