Səbaildə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib
Səbail Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Tədbir Ümummili lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbir zamanı RİH başçısının müavini Kəmalə Həşimova çıxış edərək tədbir iştirakçılarını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edərək, dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışaraq qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənmiş, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilmişdir. Müstəqilliyimizin bərpasının qüdrəti isə 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapmışdır. Bu, dövlət müstəqilliyimizin ən parlaq qələbəsi, xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu zəfər müstəqil dövlətimizin, güclü ordumuzun və xalq-iqtidar birliyinin nəticəsidir.
Daha sonra RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov, İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Leyli Mirzəyeva və Hüquq şöbəsinin müdiri Nərmin Abuzərli Müstəqilliyin Bərpası Günü ilə əlaqədar geniş məruzələrlə çıxış etmişlər.
Sonda 18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü ilə bağlı qısa videoçarx nümayiş etdirilmişdir.






