Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olmuşdur

13 iyun 2014 | 15:00

İyun ayının 1-dən 11-ə kimi Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti   Yaponiyada işgüzar səfərdə olmuşdur.
Səfərin məqsədi Yaponiyanın yerli idarəetmə sistemi, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.
Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun rəhbərlik etdiyi Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti iyunun 2-də Tokionun Mequro rayonunun rəhbərliyi ilə görüşmüşdür.
Mequro rayonunun meri Eici Aoki rəhbərlik etdiyi rayon haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilməsi barədə Yaponiyada məlumatlı olduqlarını vurğulayan E.Aoki, ölkəmizin Yaponiyadakı səfirliyinin məhz bu rayonda yerləşməsini nəzərə alaraq, regionlararası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrə əlavə töhfələr verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüseyn Mövsümov ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib hazırlanması barədə məlumat vermişdir. Vurğulamışdır ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyini möhkəmləndirmişdir.
Azərbaycan nümayəndə heyətinin tərkibi, təqdim edilən icra hakimiyyəti başçılarının rəhbərlik etdikləri rayonların və şəhərlərin iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Bakının Səbail rayonu Tokionun Mequro rayonu kimi, paytaxtımızın mərkəzi rayonudur və bunu nəzərə alaraq həmin rayonlar arasında dostluq mübadiləsi haqqında niyyət protokolunun imzalanması hər iki rayon üçün faydalı olacaqdır.
Görüşdə Bakının Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, rayon barədə ətraflı məlumat vermişdir. Səbail rayonu ilə Mequro rayonu arasında dostluq və tərəfdaşlıq haqqında niyyət protokolunun layihəsi Yaponiya tərəfinə təqdim olunmuşdur.
Mequro rayon parlamentinin sədri Kozo İsono Azərbaycan tərəfinin təklifini yüksək qiymətləndirmiş, belə bir əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirmişdir. Qeyd edilmişdir ki, tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş məlumat mübadiləsinə başlanılmalı və onlar bir-birini daha yaxından öyrənməlidirlər.
Sonra Azərbaycan nümayəndə heyəti Mequro rayonunda yerləşən Ohaşi nəqliyyat və park infrastrukturu ilə tanış olmuşdur. Azərbaycanlı qonaqlara rayonun tarixi yerləri barədə də məlumat verilmişdir.
  İyunun 3-də  nümayəndə heyəti Tokio yaxınlığında yerləşən Yokohama şəhərinə səfər edərək meriyanın və “JGC” şirkətinin rəhbərliyi ilə görüşmüşdür. Azərbaycandan gəlmiş qonaqları şəhər meriyasının xarici əlaqələr baş idarəsinin rəhbəri Makoto Sekiyama qarşılamışdır. Müasir texnologiyaların tətbiqi ilə seçilən şəhər haqqında məlumat verən M.Sekiyama, Yokohamanın əhalisinin sayına görə Yaponiyanın ikinci böyük yaşayış məntəqəsi olduğunu bildirmişdir.
Görüşdə Yokohamada həyata keçirilən “Minato Miray 21” (Gələcəyin rayonu 21) şəhər planlaşdırılması layihəsinin təqdimatı keçirilmiş, videoçarx nümayiş olunmuşdur. Layihənin şəhərin infrastruktrunun qurulması və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti vurğulanmışdır.
Rəhbərləri Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, eyni zamanda, Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Bakının Yasamal və Suraxanı rayonları Yokohama ilə dostluq mübadiləsinin təşkilinə hazırdırlar.
Sonra Azərbaycan nümayəndə heyəti “Ağıllı şəhər” layihəsinin müəllifi “JGC” şirkəti ilə tanış olmuşdur. Əvvəlcə qonaqlara Yokohamada mərkəzləşmiş qaydada tətbiq edilən havalandırma sisteminin mexanizmi haqqında əyani şəkildə məlumat verilmişdir. Bildirilmişdir ki, bu sistem dünyada yeganədir.
Nümayəndə heyəti ilə Azərbaycan-Yaponiya birgə iqtisadi komitəsinin üzvü “JGC” şirkətinin rəhbərliyinin görüşündə şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi, infrastruktur, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi mövzusunda müzakirələr aparılmışdır. Şirkətin vitse-prezidenti Yutaka Yamazaki qeyd edilən sahələrdə əldə edilmiş təcrübənin Azərbaycanda tətbiqinin faydalı olacağını bildirmişdir.
İyunun 5-də Azərbayjanlı nümayəndələr Kansay regionuna gəlmişdir.
Nümayəndə heyəti həmin regionun qədim tarixə malik Kioto və müasir, təhlükəsiz infrastrukturu ilə seçilən Kobe şəhərlərində bir sıra görüşlər keçirmişdir. Kobe şəhər meriyasında təşkil olunmuş görüşdə merin müavini Toşiro Tamada qonaqları Azərbaycan dilində salamlamış, şəhərin planlaşdırılması, yenidənqurma və təhlükəsiz infrastrukturun təşkili barədə əldə edilmiş təcrübədən danışmışdır. Azərbaycan regionlarının sürətli inkişafı barədə məlumatlı olduqlarını diqqətə çatdıran merin müavini Azərbaycan rayonları ilə regional tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirmişdir.

İyunun 7-də Yaponiyada işgüzar səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti ölkəmizin Yaponiyadakı səfirliyində olmuşdur. Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə dost ölkə ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirmişdir. Qeyd edilmişdir ki, Yaponiyada ölkəmizin sürətli inkişafı, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanın regionun lider dövlətinə, dünyanın sürətlə tərəqqi edən iqtisadiyyatına çevrilməsindən yaxşı xəbərdardırlar. Müstəqil Azərbaycan dövləti ilə Yaponiya arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin bu ölkəyə 1998-ci ildə səfəri zamanı qoyulduğu, Prezident İlham Əliyevin 2006-cı ildə keçirilmiş səfəri zamanı isə yeni mərhələyə qədəm qoyduğu vurğulanmışdır. Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağının artdığı, respublikamıza səfərə gələn turistlərin sayının çoxaldığı qeyd edilmişdir.
Qeyd edilmişdir ki, Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyətinin Yaponiyaya ilk səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq, regional əməkdaşlığın inkişafına və faydalı təcrübə mübadiləsinə töhfələr verəcəkdir.
Nümayəndə heyəti iyunun 9-da gündoğar ölkənin xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takano Makino ilə görüşmüşdür.
Görüşdə Azərbaycan nümayəndə heyətinin Yaponiyaya işgüzar səfərinin nəticələri və regional əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Nazir müavini T.Makino iki ölkənin regionları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini təsdiq edərək, bu məqsədə çatmaq üçün yapon tərəfinin mümkün olan bütün addımları atmağa hazır olduğunu bildirmişdir.
İyunun 11-də səfər başa çatmış və qonaqlar vətənə qayıtmışlar.

Keçidlər