Milli Mətbuat günü ərəfəsində Səbail rayonunda jurnalistlərlə görüş keçirilmişdir
Kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail rayon İcra Hakimiyyəti tərəfindən Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat günü ərəfəsində Azərbaycan Mətbuat Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və 60-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ənənəvi tədbir-görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirmişdir ki, bu il artıq 139 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılmışdır. Ulu öndərin müvafiq Fərmanı ilə mətbuat üzərində senzura ləğv edilmiş, qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları əvvəlcə dondurulmuş, sonradan isə birdəfəlik olaraq ləğv edilmişdir.
Qeyd edilmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı bildirmişdir ki, ölkə başçısının sərəncamına əsasən keçən il KİV nümayəndələri üçün yaşayış binası tikilərək Milli Mətbuat günündə cənab Prezidentin iştirakı ilə istifadəyə verilmiş, həmin gün yeni binanın da təməli qoulmuşdur. Asif Əsgərov bu binaların məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd etmişdir.
KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan A.Əsgərov bildirmişdir ki, 2012-ci ildə KİVDF ilə birgə «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir və «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirilmiş, müsabiqədə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunmuşdur.
Səbail rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov kütləvi informasiya vasitələri nümayəndələrinin işi, qəzet və elektron informasiya vasitələrinin bu cəmiyyətdəki rolu, dövlət tərəfindəni onlara göstərilən qayğı barədə məlumat vermiş, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışmışdır.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti və KİVDF ilə birgə yeni fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qərara alınmışdır.
Jurnalistlərdən Atif Eyvazov, Nahid Canbaxışlı, Elməddin Muradlı, Səbinə Əliqzı, Şəmşad Ağa və başqaları onları maraqlandıran suallar vermiş, tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişdlər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 60-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunmuşdur.