Səbail rayonunun Badamdar qəsəbəsində iftar süfrəsi təşkil olunmuşdur
İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur. Mübarək ayın əvvəlindən Bibiheybət qəsəbəsində, 20-ci yaşayış sahəsində, İçəri şəhərdəki «Cümə məscidi»ndə bir neçə iftar süfrələri keçirilmişdir.
Növbəti belə bir tədbir rayonun Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında rayon ictimaiyyətin, bələdiyyələrin, Badamdar, Bibiheybət qəsəbələri, Bayıl-20-ci yaşayış sahəsində yaşayan şəhid ailələri, müharibə veteranları, əlilər rayonda məskunlaşmış məsburi köçkünlərin nümayəndələrinin – ümumilikdə 600 nəfərin iştirakı ilə keçirilmişdir.
İftar mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. Hacı Surxay müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, iftar süfrəsinin açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirmişdir. Qeyd olundu ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. O, gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkilinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirdi və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə sakinləri təbrik etdi.
Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev çıxış edərək ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı, iftar süfrələrinin təşkili və bu kimi digər xeyirxaq işlərin görülməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafı, ölkə rəhbərliyi tərəfindən vətəndaşların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirdi. Qeyd etdi ki, Səbail rayonunda əvvəlki illərin ənənəsinə uyğun olaraq bu il də Qarabağ müharibəsi veteranlarının nümayəndəsi də daxil olmaqla 4 nəfər rayon sakini rayon İcra Hakimiyyətinin dəstəyi ilə müqəddəs həcc ziyarətinə göndəriləcəkdir.
Tədbirdə qeyd olundu ki, iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcəkdir.
Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri
Əlaqə telefonu - 493- 34-62 (iş),
493-17-98 (faks), (050/055) -322-34-83 (mob).
sabail-ih@mail.ru
e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az