Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu 2 nömrəli Texniki Humanitar liseyində "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilmişdir

20 may 2023 | 12:13

Səbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar liseyində "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, AR Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov, RİHBA-nın məsul əməkdaşları, Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu Ramin Allahverdiyev, liseyin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Eldar Ağayev narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşması və genefond üçün mühüm təhlükə olduğu üçün bu qəbildən olan tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu diqqətə çatdıraraq, Səbail rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirildiyini və bu istiqamətdə RİH ilə birlikdə hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələrinin də geniş fəaliyyət göstərdiklərini qeyd etmişdir.

Daha sonra çıxış edən Səbail Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov qeyd etmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, ölkədə, eyni zamanda Səbail rayonunda narkomaniyaya qarşı keçirilən tədbirlər, aparılan profilaktik işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbir zamanı bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçıları ilə rayon ərazisində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər