20 yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı rayon ərazisində yaşayan şəhid ailələri ziyarət olunub
20 yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri Qabil Vahidov, Leyli Mirzəyeva və Orxan Aydınov rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər. Ziyarət zamanı RİH başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın şöbə müdirləri şəhidlərin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova şəhidlərin ailə üzvləri ilə görüş zamanı bildirmişdir ki: “Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar faciəsi baş verərkən Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedib və bəyanatla çıxış edib. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir, şəhid ailələrinə verilən təqaüd və müavinətlərin mütəmadi olaraq artırılır”.
Şəhidlərin ailə üzvləri bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.