20 yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edib
20 yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edib. RİH başçısı ilə birgə RİH başçısının müavini Eldar Ağayev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və RİHBA-nın məsul əməkdaşları şəhidlərin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərin ailə üzvləri ilə görüş zamanı bildirmişdir ki: “Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. 20 Yanvar faciəsi baş verərkən Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedib və bəyanatla çıxış edib. Ulu öndər Heydər Əliyev bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir, şəhid ailələrinə verilən təqaüd və müavinətlərin mütəmadi olaraq artırılır”.
Şəhidlərin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.