Səbaildə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyasının Səbail Rayon təşkilatında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, digər qonaqlar və gənclər iştirak etmişlər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Daha sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə çıxış edənlər 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan tarixinə 20 Yanvar - müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olunmuşdur. Bu hadisə qanla yazılsa da, şanlı tarix salnaməsidir. Ümummilli lider Heydər Əliyevin quruculuq siyasəti ilə müqəddəs şəhidlərimizin adı əbədiləşdirilmiş və onların ailələri dövlət qayğısı ilə əhatə olunmuşdur. Hazırda Prezident cənab İlham Əliyev tərəfindən dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edən bu ənənə davam etdirilir. Hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad olunur və bu hadisə ilə bağlı xüsusi tədbirlər görülür.






