Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

07 yanvar 2026 | 15:36

Səbail rayonunun 2025-ci ilinin sosial-iqtisadi inkişafının yekunları və həmin müddətdə görülən işlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Millət vəkili Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Hesabat tədbirini giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla və uğurla davam etdirərək Respublikamızın böyük uğurlara  imza atmasına nail olmuşdur. Dünyada mürəkkəb geosiyasi proseslərin, iqtisadi qeyri-sabitliyin və münaqişələrin davam etdiyi bir dövrdə Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti möhkəm siyasi sabitliyini qoruyub saxlamış, sosial-iqtisadi inkişafını uğurla davam etdirmiş, milli maraqlarını qətiyyətlə təmin etmişdir. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında əldə edilən möhtəşəm Zəfər tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının milli ruhunu, özünəinamını və dövlətçiliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirmişdir. Zəfərdən sonra başlanan genişmiqyaslı quruculuq və bərpa prosesi, azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma və memarlıq layihələri ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu aydın şəkildə göstərir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi böyük strateji və ideoloji əhəmiyyət daşıyır. Eyni zamanda, Qərbi Azərbaycanla bağlı Cənab Prezidentin prinsipial və ardıcıl mövqeyi, tarixi ədalətin bərpasına yönəlmiş siyasi xətti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səbail rayonuna göstərdiyiniz xüsusi diqqət və qayğı rayon ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir. Qarşıdakı dövrdə Cənab Prezidentin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, Səbail rayonunda sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi əsas prioritetlərimiz olacaqdır”.

Hesabat yığıncağında cıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Millət vəkili Nigar Arpadarai və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını, eyni zamanda Səbail rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının Cənab Prezidentin siyasətinin real nəticəsi olduğunu bildirmişlər.

Sonda cari ilin hədəflərini əks etdirən qərar qəbul olunaraq, toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq ifadə olunmuşdur.

Keçidlər