Səbail rayonunda 2026-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə Səbail rayonunda 2026-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir. Tədbirdə RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri, sektor müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ilk altı ay ərzində rayon ərazisində görülən infrastruktur layihələr, sosial proqramların icrası və Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planına əsasən görülən işlər barədə məlumat vermişdir.
Tədbirdə struktur bölmələrin vətəndaş müraciətlərinə baxılması, ərazilərin sanitar-gigiyenik vəziyyəti, kommunal xidmətlərin fəaliyyəti və daxili nizam-intizam qaydalarının təmin olunmasına dair məruzələri dinlənilmişdir.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən tabelikdə olan qurumlar tərəfindən vətəndaş qəbullarının mütəmadi keçirilməsi, daxil olan müraciətlərə operativ və obyektiv qaydada baxılması, ərazilərin sanitar-gigiyenik vəziyyətinin nəzarətdə saxlanılması, kommunal xidmətlərin fəaliyyətinin gücləndirilməsi və daxili nizam-intizam qaydalarının ciddi təmin olunması üçün aidiyyəti şəxslərə tapşırıq və icrası məcburi olan göstərişlər vermişdir.






