Azərbaycan Prezidenti İlham Əliyev Xalça Muzeyinin açılışında iştirak edib.
Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib.
Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.
Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verdi.
Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir.
Azərbaycan Prezidenti və xanımı burada fəaliyyət göstərən suvenir mağazası ilə tanış oldular.
Dövlətimizin başçısı Xalça Muzeyinin yeni binasının yaradılması mərhələlərini əks etdirən fotoşəkillərə baxdı.
Daha sonra Xalça Muzeyi ilə tanışlıq oldu.
Muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə onların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmə texnikalarını, incə və çox dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını aydın şəkildə göstərir.
Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzənib.
Muzeyin kolleksiyası müxtəlif növ xovsuz xalçaların nadir nümunələrini də əks etdirir. Burada çoxobrazlı kompozisiya silsiləsi, motivlərin orijinallığı və gözəl koloritliliyi ilə fərqlənən palazlar, cecimlər, kilimlər, sumaxlar, həmçinin xalça məmulatları – məfrəşlər, çullar, xurcunlar, corablar və rəngarəngliyinə və toxuma texnikasına görə seçilən bir çox eksponatlar təqdim olunur.
Muzeyin kolleksiyasında və ekspozisiyasında digər nadir eksponatlar – bədii naxış tikmələri, parçalar və milli geyimlər, həmçinin metal, keramika, şüşə məmulatlardan və çini qablardan ibarət əl işləri nümayiş və mühafizə olunur. Bu eksponatlar bürünc dövründən başlayaraq bizim günlərədək olan müddəti əhatə edir.
Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərlərində əks olunduğunu göstərir. Burada, həmçinin Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının surəti də var. Ekspozisiyada sərgilənən və saxlanclarda yerləşən xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur kompozisiyalara da rast gəlmək mümkündür. Burada, həmçinin zamanın diktə etdiyi ənənəvi xalq üslublu süjetlərin müəllifləri olan rəssamların müasir işləri əks olunur.
Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır. Bunların da əksi bütün yuxarı mərtəbələrin əksər yerlərindən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan görmək olur. Muzeyin terrasında - açıq səma altında sərgilərin təşkili mümkün olacaq.