Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub
Avqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.
Bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə ciddi hazırlaşır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Dövlətimizin başçısının birbaşa tapşırığına əsasən Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarında da ən müasir idman infrastrukturu yaradılır, yeni Olimpiya idman kompleksləri tikilib istifadəyə verilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı İdman Sarayın əsaslı təmir işləri da bu istiqamətdə görülən tədbirlərdən biridir.
Paytaxtın mərkəzində, Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında da əsaslı təmir işləri aparılır. Binanın 1974-cü ildə inşa olunduğu nəzərə alınaraq burada müasir tələblərə uyğun yenidənqurma işləri görülür. Bina yenidənqurmadan sonra Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman qurğularından biri olacaqdır. Bakı İdman Sarayında aparılan təmir işləri də birinci Avropa Oyunlarına hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva binada aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün Bakı İdman Sarayına gəldi.
Məlumat verildi ki, artıq sarayın yenidənqurma işləri yekunlaşıb, struktur işləri də tamamlanmaq üzrədir. Bildirildi ki, struktur işləri ilə paralel binanın daxili tamamlanma işləri də yerinə yetirilir. Hazırda otaqlar, arakəsmələr və tavan işləri görülür. Qeyd olundu ki, bu idman sarayında müasir havalandırma sistemi qurulur, su və elektrik təchizatı işləri aparılır. Təmir işləri zamanı binanın seysmik dayanıqlığı da nəzərə alınıb. Bunun üçün sarayda xeyli sayda bərkitmə işləri aparılıb. Əlavə olaraq binaya zirzəmi qatından 5 ədəd yanğın çıxışı pilləkən qəfəsləri də qoyulub. Bununla yanaşı, birinci mərtəbədə yanğın üçün 12 təxliyyə qapısı nəzərdə tutulub. Dördmərtəbəli binada 6 müasir lift də quraşdırılıb. Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə oturacaqların sayı artırılaraq 1500-dən 1850-yə çatdırılıb.
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Bakı İdman Sarayının fasad işləri barədə də məlumat verildi. Bildirildi ki, layihəyə uyğun olaraq sarayın fasadının yenidən üzlənməsi işləri həyata keçirilir. Binada təmir işləri ilin sonunadək yekunlaşacaq.