Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub
Avqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.
Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının “Securo CO.LTD” şirkəti qısa müddətdə başa çatdırıb və inşaat işlərinə başlanılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış oldu.
Mehriban Əliyevaya Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, tikintisinə ötən ilin fevral ayında başlanılan Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu yaradılır. Uzunluğu 50, eni 25 metr olacaq əsas hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Məşq hovuzunun bir hissəsində dərinliyi artırıb-azaltmaq mümkün olacaq. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Sarayda keçiriləcək idman yarışlarını 6 min 200 tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Ən vacib məqamlardan biri isə odur ki, idman sarayının enerji tələbatının 25 faizini burada quraşdırılan günəş batareyaları təmin edəcəkdir. Bundan başqa, sarayda fitnes zalları, SPA mərkəzi, trenajor zalları, restoran, 100 nəfərlik konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil dayanacağı yaradılacaq.
Bildirildi ki, xarici və yerli şirkətlərin icra etdiyi tikinti işləri cədvəl üzrə vaxtında başa çatdırılacaqdır.