Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səbail rayonundakı “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub
Sentyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ilin aprelində Badamdar qəsəbəsindəki “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlanılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir. 110 uşağın təlim-tərbiyə aldığı bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib.
Bağçada təmir işləri yüksək səviyyədə həyata keçirilib, hər iki korpusda əlavə dizayn işləri görülüb. Birinci xanıma məlumat verildi ki, korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib. Divarları uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilən otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqla təchiz edilib. Korpuslarda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılıb. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə ayrıca fotostend həsr olunub. Bağçanın giriş və dəhlizlərində müşahidə kameraları, bütün korpuslarda yanğından mühafizə sistemi quraşdırılıb, kommunikasiya xətləri yenilənib və yeni istilik sistemi qurulub. Balacaların gün ərzində keyfiyyətli qidalanması üçün də bağçada zəruri menyu tərtib olunub. Uşaqların istirahəti və əylənməsi üçün 4 kölgəlik, oyun meydançaları və idman qurğuları quraşdırılıb.
Mehriban Əliyevaya məlumat verildi ki, həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança yaradılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən bağçada yaradılmış şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək.