Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilər üçün Quba rayonunda yay düşərgəsi yaradılmışdır

28 iyul 2012 | 15:00

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Cari ilin yay aylarında bu istiqamətdə bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Həmin tədbirlərdən biri də Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və “Çağ” Öyrətim Şirkətinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan «Şahinlər» yay istirahət düşərgəsinin yaradılması olmuşdur. Artıq bütün təşkilati işlər başa çatdırılmış və Səbail rayon İcra Hakimiyyətində bu düşərgəyə yola salınacaq uşaqlar, onların validenyləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış və rayonda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, keçən ay Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilmiş və bu mərasimdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış bu parkda Ümummilli lider Heydər Əliyevin büstü ucaldılmışdır. A.Əsgərov Dənizkənarı Milli Parkın genişləndirilməsi, hazırda Neftçilər prospektində aparılan təmir işlərindən, həmçinin rayonun digəryerlərindəki tikinti quruculuq işləri barədə məlumat vermişdir.
Bildirilmişdir ki, yeniyetmələrin asudə vaxtlarının təşkili üçün RİH tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayondakı aztəminatlı, imkansız ailələrdən olan uşaqlar üçün Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteatrında pulsuz 3D həcmli uşaq filmlərinə baxışlar təşkil olunmuş və artıq 1000-dən çox uşaq bu seanslarda iştirak etmişlər. İyun ayında rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin birgə layihəsi əsasında rayonun aztəminatlı ailələrinin, Qarabağ müharibəsi veteranlarının övladları və orta məktəblərin 150 nəfərə yaxın şagirdi üçün 2 həftəlik pulsuz kompyuter və xarici dil kursları təşkil olunmuşdur. RİH-nin təşkilatçılığı ilə yay ayları ərzində rayondakı orta məktəblərin, Uşaq-gənclər idman məktəbinin, yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından istfadə olunmaqla idman yarışlarının, müxtəlif müsabiqə və intellektual oyunların keçirilməsi, yeniyetmələrin rayondakı muzey və teatrlara ekskursiyaları təşkil olunur.
A.Əsgərov bildirmişdir ki, düşərgə artq 7-ci dəfədir ki, təşkil olunur. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Düşərgə Daxili Qoşunlar Komandanlığı və Bakı Özəl Türk liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaqdır.
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcəkdir. Düşərgənin mühafizəsi və burada təhlükəsizlik məsələləri də DQ tərəfindən həyata keçiriləcəkdir.
İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən müxtəlif mövzularında məşğələlər keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması planlaşdırılmışdır.
Tədbirdə çıxış edən II qrup Qarabağ müharibəsi əlili Nahid Canbaxışlı, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatiının valideyn birliyinin sədri Zəhra Xələfova valideynlər, Səbail rayonu, 219 saylı evdə məktəbin 9-cu sinif şagirdi Cavad Heydərli isə düşərgəyə gedən uşaqlar adından yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə Ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər