Səbailli yeniyetmələr Lənkəran, Masallı və Lerik rayonlarına yola düşmüşlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan 90 nəfər məktəblinin «Sahil bağı»da Lənkəran, Masallı və Lerik rayonlarına yola salınması mərasimi keçirilmişdir.
İlk əvvəl qrupların təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub, müəllim, həkim və bələdçi təhkil olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turuş marşrutu, tədbir iştirakçıların qalacağı otellər və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. Təsdiq olunmuş proqrama əsasən Səbailli yeniyetmələr Lənkəran, Masallı və Lerik rayonlarının görməli yerlərində olacaq, həmin rayonların Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınmışdır.
Yola salma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Səbail rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə layihəsi əsasında 350 nəfər yeniyetmə Quba və Qusar rayonlarında hərbi vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» və «Şahinlər» yay istirahət düşərgələrində istirahətləri təşkil olunmuşdur ki, bu zaman həmin yeniyetmələr Quba və Qusar rayonları ilə yaxından tanış olmuşlar. Bu səfərlər yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün artırılması istiqamətində mühüm bir tədbirlərdəndir.
Sonra məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.
Turun planına uyğun olaraq yola salınan yeniyetmələr ilk olaraq YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olunmuş Qobustan Milli Tarix-Bədii Qoruğuna və Şirvan Milli Parkına ekskursiya edəcək və daha sonra Masallı şəhərinə gedəcəklər.