Səbailli məktəblilər cənub bölgəsi ilə tanış olmuşlar
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Bakının Yasamal və Səbail rayonundan olan 90 məktəbli cənub bölgəsinə gəlib.
Мəktəblilər yol boyu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən açıq səma altındakı Qobustan Milli Tarix-Bədii Qoruğu, Şirvan Milli Parkı, Masallı şəhərindəki Heydər Əliyev və Gənclər mərkəzləri, “İsti-su” müalicəvi turizm istirahət mərkəzi ilə yaxından tanış olublar.
Noyabrın 10-da Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarının qarşılanma mərasimi oldu.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov məktəbliləri salamlayıb, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunun daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.
Qeyd olunub ki, tur-aksiya ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlər, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi siyasət nəticəsində inkişaf edən şəhər və rayonlarımızla yaxından tanış olmaq imkanı yaradacaqdır.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.
Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərdə böyük maraq doğurub. Onlara məlumat verilib ki, 2013-cü il oktyabrın 15-də fəaliyyətə başlayan Mərkəzdə göstərilən xidmətlərdən təkcə gənclər deyil, rayon əhalisinin bütün təbəqələri bəhrələnirlər.
Lənkəran şəhərindəki “Xan sarayı”nda şagirdlərə məlumat verilib ki, bu saray 1912-ci ildə Talış xanı Mirəhməd xan tərəfindən inşa edilib. Saray regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunub.
Daha sonra məktəblilər iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış oldular. Burada şagirdlərə Qəhrəmanın İkinci Dünya müharibəsində keçdiyi şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib.
Lənkəran şəhərindəki “Qoşa qala qapıları”, “Dairəvi Qala”, “Mayak” binası, Azərbaycanlıların soyqırımı abidəsi və Bayraq Meydanı ilə tanışlıq da məktəblilər tərəfindən maraqla qarşılanıb.
Məktəblilər “Xanbulan” istirahət mərkəzi, Hirkan Milli Parkı, Haftoni və Hirkan qəsəbələrindəki çay plantasiyaları ilə tanış oldular.
Səbail rayonundakı 91 nömrəli tam orta məktəbin XI sinif şagirdi Leyla Əsgərova deyib: “Sevincimin həddi-hüdudu yoxdur. İlk dəfədir Azərbaycanın bölgələrinə səfər edirəm. Cənub bölgəsinin əsrarəngiz gözəllikləri haqında çox eşitmişdim. İndi isə bu gözəllikləri öz gözlərimlə görürəm. İnsanlarda da çox mehribandırlar. Çox sevinirəm. Bizə bu sevinci bəxş edən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm.
İndiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu mənim bölgəyə ilk səyahətim olmayacaq, tez-tez rəfiqələrimlə, ailə üzvlərimlə bu yerlərə gəlməyə çalışacağam”.
Qədim tarixə malik Lənkəranın bu günü daha gözəldir. Səliqə ilə salınmış parklar, xiyabanlar, hündür mərtəbəli binalar göz oxşayır. Bütün bunlar, bu günün reallıqlarıdır. Tur-aksiyanın ilk günü məndə zəngin təəssürat oyadıb. Gördüklərim barədə dostlarıma da danışacağam. Biz bir daha şahid olduq ki, doğma Azərbaycanımızın hər guşəsi gözəldir”.