Səbail məktəbliləri Lerikdə
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Bakı şəhərinin Səbail və Yasamal rayonundan olan 90 məktəbli Lənkərandan sonra Lerik rayonuna gəlib.
Noyabrın 11-də Lerik şəhərindəki Heydər Əliyev Meydanında məktəblilərin qarşılanma mərasimi olub.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiyanın iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışıb, şagirdlərə Lerik haqqında məlumat verib. Qeyd olunub ki, Talış dağlarının əhatəsində yerləşən Lerik rayonunda 200-dən çox təbiət abidəsi və tarixi abidə var. Ən qədim yaşayış məskənlərindən biri kimi tarixə düşmüş Büzeyir mağarası, XI-XVI əsrlərə aid Oğlan və Qız qalaları, Xoca Seyid Türbəsi, Babagil abidəsi, daş qoç heykəlləri, daş qutu nekropolları Lerikin qədim tarixindən xəbər verir.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, dahi rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.
Sonra rayon tarix-diyarşünaslıq və uzunömürlülər muzeylərində olan Bakı məktəbliləri burada nümayiş etdirilən eksponatlara böyük maraqla tamaşa etdilər.
Tur-aksiyanın iştirakçılarına məlumat verildi ki, Lerik dünyada uzunömürlülər diyarı kimi tanınır. Şirəli Müslümov bu dağlar qoynunda 168 il ömür sürüb.
Hazırda rayonda yaşı 80-i ötmüş 846 nəfər yaşayır. Daha sonra məktəblilər XV əsrin yadigarı olan Babagil türbəsini ziyarət etdilər, “Relax” turizm və istirahət mərkəzində yaradılan şəraitlə yaxından tanış oldular.