Səbail məktəbliləri Masallıda
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsi çərçivəsində Bakı şəhərinin Səbail və Yasamal rayonlarından 90 məktəbli noyabrın 14-də cənub bölgəsinə gəlib. Yol boyu məktəblilər UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğuna və Şirvan Milli Parkına ekskursiya ediblər.
Günün ikinci yarısında Masallı şəhərindəki Heydər Əliyev Parkında tur-aksiya iştirakçılarının qarşılanması mərasimi olub.
Bakılı məktəbliləri salamlayan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülşən Xəlilova bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da artırılmasında, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Qeyd olunub ki, tur-aksiya şagirdlərin ölkəmizin tarixini dərindən öyrənmələri ilə yanaşı, milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, respublikamızda gedən dinamik sosial-iqtisadi inkişaf prosesləri ilə yaxından tanış olmalarına yaxşı imkan yaradacaq.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, dahi rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra bakılı məktəblilər Masallı rayonundakı “İstisu” müalicəvi turizm-istirahət mərkəzinə və Yardımlı rayonundakı şəlaləyə ekskursiya ediblər.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Masallı rayonunda olan, Bakı şəhərinin Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Mədinə Qurbanova AzərTAc-a müsahibəsində söyləyib ki, “İlk dəfədir Azərbaycanın bölgələrinə səfər edirəm. Cənub bölgəsinin əsrarəngiz gözəllikləri haqında çox eşitmişdim. İndi isə eşitdiklərimi öz gözlərimlə gördüm və buna çox sevindim”.
M.Qurbanova deyib: “Bölgə ilə tanışlığımız Masallı rayonundan başladı. Rayonda turistlərin mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Biz rayondakı “İsti-su” müalicəvi turizm istirahət mərkəzi ilə tanışlıq zamanı bunun bir daha şahidi olduq. Yol boyu meşələr qoynunda salınan istirahət mərkəzlərinə, turizm obyektlərinə tamaşa etdikcə içimdə yenidən bu yerlərə qayıtmaq istəyi baş qaldırıb. Çox sevinirik və bizə ölkəmizi daha yaxından tanımaq imkanı yaradan Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.