Səbail məktəbliləri Lerikin füsunkar təbiəti və qədim mədəniyyət abidələri ilə tanış olublar
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsi çərçivəsində Bakının Səbail və Yasamal rayonlarının IX-XI sinif şagirdləri Masallı və Lənkəran ilə tanışlıqdan sonra Lerik rayonuna gəliblər.
Нoyabrın 16-da rayonun rəhbər işçiləri, müəllimlər, ictimaiyyətin nümayəndələri Lerik şəhərinin Heydər Əliyev meydanında məktəbliləri mehribanlıqla qarşılayıblar.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya iştirakçılarını salamlayaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb, rayon haqqında şagirdlərə məlumat verib. Qeyd olunub ki, Lerik rayonu Talış dağlarının əhatəsində yerləşir. Ən yüksək zirvələri dəniz səviyyəsindən 2493 və 2433 metr hündürlükdə yerləşən Kömürgöy və Qızyurdu yüksəklikləridir. Rayon iqtisadiyyatının əsasını əkinçilik, heyvandarlıq və kartofçuluq təşkil edir. Burada tərəvəzçilik və meyvəçilik də inkişaf etdirilir. Rayonda xalq sənətkarlığından ən çox yayılanı xalçaçılıqdır. Bununla yanaşı, dülgərlik və dəmirçilik sənəti də davam etdirilir.
Diqqətə çatdırılıb ki, rayonun ərazisində yerləşən turizm obyektlərində və istirahət mərkəzlərində turistlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Bu məqsədlə 5 turizm marşrutu mövcuddur. Rayon ərazisində 200-dən çox təbiət və tarixi abidə var.
Bakılı məktəblilər rayonun Tarix-Diyarşünaslıq və Uzunömürlülər muzeylərində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə böyük maraqla baxıblar.
Tur-aksiya iştirakçılarına məlumat verilib ki, Lerik dünyada uzunömürlülər diyarı kimi tanınır. Planetin ən qocaman sakini Şirəli Müslümov bu dağlar qoynunda 168 il ömür sürüb. Hazırda rayonda yaşı 80-dən yuxarı olan 846 nəfər yaşayır.
Sonra paytaxt şagirdləri “Relax” turizm və istirahət mərkəzində yaradılan şəraitlə tanış olublar.