Şriftin ölçüsü :

Saytın rəngi :

Əlil vətəndaşlar cəmiyyətimizin bərabər hüquqlu üzvləridir

01 dekabr 2014 | 16:00

Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri  olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq  müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Millət Vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hazırda dünya əhalisinin 10 faizi və ya 650 milyona yaxın insan əlil halda yaşayır. Azərbaycanda bu rəqəm 4,4 % təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son on il ərzində əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlib. Son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınıb, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlib. Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8.000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur.
Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA Əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki  uşaq evində tərbiyə alan, həmçinin  219 saylı evdə məktəbdə təhsil alan - ümumilikdə 150-dən çox əlil uşaq üçün «Romans-Palas» şadlıq sarayında müsiqili-əyləncəli  tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin  Başçısı Asif Əsgərov  dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2779 nəfər müxtəlif əlillik dərəcəsinə malik  vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Əlillərin 293-ü 18 yaşa kimi uşaqdır. Hazırda rayon Sosial Müdafiə 268 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir
Asif Əsgərov bildirmişdir ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, yalnız bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli  tədbir təşkil olunmuş, 2 nəfərə əlil arabası verilmiş, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilmiş, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunmuşdur. Bu il müxtəlif kateqoriyalardan olan 88 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Qəbələ rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilmişlər.
RİH tərəfindən avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda «Şahinlər» yay istirahət düşərgəsində, 100 nəfərin isə Qusar rayonundakı «Gənc Heydərçilər» düşərgəsində pulsuz istirahəti təşkil olunmuşdur ki, onların da arasında əlil uşaqlar da vardır.
Həmçinin qeyd olunmuşdur ki  əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən  219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər  uşaq  11 illik təhsil alır.  Onlara 262 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2013-2014-cü təhsil ilinin yekununda məktəbin 161 məzununun 98-i respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olmuşlar.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onlar ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.
RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş  və maddi yardım göstərilmişdir. Tədbirdə iştirak edən gənc və populyar müğənnilər Aslan Hüseynov, Şəbnəm Qəhrəmanova, Elçin Məmmədov,  Zeynəb Nəsəni, Aynur İsgəndərli və Nicat, şən klounlar öz mahnı və ifaları  ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və  mənalı etmişlər.

Keçidlər