Səbailli məktəblilər Ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə yad ediblər
Ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinin, zəngin irsinin öyrənilməsi və təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların Vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri Səbail RİH tərəfindən daim diqqət mərkəzindədir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımız tərəfindən yüksək ehtiramla, dərin minnətdarlıq hissi ilə yad edildiyi bu ərəfədə Səbail rayonunda yerləşən orta məktəblərin şagirdlərinin Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları təşkil olunub.
Ekskursiyalar zamanı şagirdlərə ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın müstəqilliyi və dövlət quruculuğu sahəsində, xüsusilə sərhəd mühafizəsinin formalaşmasındakı tarixi rolu barədə geniş məlumat verilib.
Bildirilib ki, dahi rəhbərin müəyyənləşdirdiyi sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsi dünya standartları səviyyəsinə qaldırılıb və müqəddəs sərhədlərimizin toxunulmazlığı etibarlı şəkildə təmin olunub.
Elmi Araşdırmalar Mərkəzində şagirdlər Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini, eləcə də dövlət sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək diqqət və qayğını əks etdirən çoxsaylı eksponatlarla, foto və kitablarla tanış olublar.