Səbail rayonu Bibiheybət qəsəbə nümayəndəliyi 2014-cü ilin yekunlarını müzakirə etmişdir
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğısının artması nəticəsində Səbail rayonunda, həmçinin şəhərimizin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin Şıx çimərlik zonasında yerləşən «Aysberq» istirahət mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon və Bibiheybət qəsəbəsi ictimaiyyətinin iştirakı ilə keçirilən və 2014-cü ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirmişdir ki, qəsəbədə hazırda 2350 nəfər əhali yaşayır, burada həmçinin 370 nəfər məcburi köçkün məskunlaşmışdır.
Başa çatmış ildə müvafiq Dövlət Proqramının icrası ilə bağlı Bibiheybət Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılmış, burada əlavə sahə tikilmiş, istilik sitemi qurulmuş, və fevralın 12-də təntənəli açılış mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının qəsəbədə apardığı açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq qəsəbənin girişində yeni yükləyici terminal, qəsəbədəki tibb məntəqəsində yeni istilik sistemi quraşdırılmışdır.
Yay aylarında Muxtarov qəsəbəsindən «Şıx» çimərliyi və Salyan şossesində ərazidəki hasarlar ağardılmış, ətrafda abadlıq işləri aparılmış, divarlara 500 kv.metr aqlay vurulmuş, 10000 kvadrat metr sahəyə yeni yaşıl ot örtüyü salınmış, N.Quliyev və Məktəb küçələrinə RİH tərəfindən 500 kvadrat metr sahəyə asfalt örtüyü salınmışdır.
Novruz və Ramazan bayramları, həmçinin 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmiş, ərazidə yaşayan aztəminatlı və qaçqın ailələrinə RİH tərəfindən ayrılmış yardımlar paylanmışdır.
Qəsəbə nümayəndəliyi tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı gündəlik nəzarətdə saxlanılmış və bu istiqamətdə ciddi bir problemlər yaşanmamışdır.
İl ərzində qəsəbədə Səbail rayon Enerji təchizatı və satış idarəsi tərəfindən kabelləşdirmə işləri başa çatdırılmış, qəsəbədə abonentlər tam sayğaclaşdırılmışlar.
Qəsəbə Mədəniyyət evi və 50 saylı məktəb kollektivinin köməkliyi ilə qəsəbədə müxtəlif bayramlarla ilə bağlı kütləvi tədbirlər, Ramazan bayramında qəsəbədəki xeyir şər evində iftar süfrəsi təşkil olunmuş, qəsəbə sakini Cabir Məmmədov və Mirzəyeva Manya RİH-nin maliyyə dəstəyi ilə həcc ziyarətinə göndərilmişdir.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. Asif Əsgərov 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması və yeni tikilən Su İdmanı Sarayından qəsəbə istiqamətindəki böyük ərazidə geniş miqyaslı abadlıq işləri həyata keçirilir. Bildirmişdir ki, RİH tərəfindən qəsəbədaxili yolların təmiri, küçələrin asfaltlaşdırılması və işaqlandırılması qəsəbənin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı tədbirlər görüləcəkdir.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırıldı, yeni seçilmiş qəsəbə bələdiyyəsi üzvləri sakinlərə təqdim olundu.