Gənc Səbaillilər şahmat üzrə Bakı komanda çempionatının qalibi olmuşlar
İki nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində şahmat üzrə Bakı komanda çempionatı başa çatıb. Yarışda 8 komanda iştirak edib.
Baş hakim Fərid Zeynalovun rəhbərliyi ilə dairəvi sistem üzrə 7 turda keçirilən yarışın yekununa görə “Səbail-1” komandası birinci, “Nəsimi-1” ikinci, Həmkarlar İttifaqı Respublika Şahmat-Dama Klubunun (HİRŞDK) komandası isə üçüncü olub.
Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) baş məsləhətçisi, paytaxtın şahmat üzrə əlaqələndirici-kuratoru Salman Əbdülov çıxış edərək şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən belə yarışların böyük rol oynadığını bildirib, qalibləri təbrik edib.
Qalib gələn idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom, medal, xatirə hədiyyələri və kubokla təltif olunub.
Qeyd olunmalıdır ki, Səbail komandası artıq 4-cü ildir ki, bu yarışların qalibi olur.