Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnirin qalibləri mükafatlandırılıb
Səbail rayonu 91 saylı orta məktəbdə artıq ənənəyə çevrilmiş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan mini-futbol turniri keçirilib. Yanvarın 31-dən fevralın 8-dək keçirilən turnirdə hər birinin tərkibində 10 nəfər olan 8 komanda iştirak edib.
Yarışların yekunları ilə bağlı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) tədbir keçirilmişdir. Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Milli Qəhrəman Mübariz İbrahimovla bağlı film nümayiş olunub.
Yarışın baş hakimi, 91 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Zəfər Məmmədzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnir haqqında məlumat verib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məktəblilər arasında keçirilən bu turnirin uşaqların futbola marağının artırılmasında böyük rol oynadığını bildirib. O, bu baxımdan “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edib.
Raqif Abbasov gənc futbolçulara təhsildə və idmanda uğurlar arzulayaraq onlara Mübariz İbrahimovun qəhrəmanlığından, Vətənə məhəbbətindən nümunə götürməyi tövsiyə edib.
Qalib komanda BŞGİBİ tərəfindən kubok, diplom və hədiyyələrlə təltif olunub.