26 iyun – Silahlı Qüvvələr günü münasibətilə general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət edilib
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və şəhidlərin ailə üzvləri tərəfindən 2-ci Fəxri Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət edilib, məzarları üzərinə gül dəstələri düzülüb və xatirələri ehtiramla yad edilib.
Anım mərasimində çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir və qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyinə çevrilib. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qisasını aldı. Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına çevrilir. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinməyəcək”.