Ramazan Bayramı ilə əlaqədar Səbail rayonunda imkansız ailələrə yardımlar təqdim olunmuşdur
Mübarək Ramazan ayında imkansızlara yardımlar etmək, onlar üçün bayram süfrələrinin təşkilində yardımçı olmaq vacib əməllərdən sayılır. Bu istiqamətdə paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunun qəsəbələrində və yaşayış sahələrində Ramazan ayı ərzində ənənəvi olaraq imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunmuş, onlara müxtəlif yardımlar göstərilmişdir. Rayonun Badamdar, Bibiheybət qəsəbələrində, 20-ci yaşayış sahəsində, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən bu kimi tədbirlərdə yüzlərlə vətəndaş iştirak etmişdir.
Rayonda keçirilən növbəti tədbir Mübarək Ramazan bayramı ərəfəsində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində təşkil olunmuş mərasim olmuşdur.
Mərasimdə Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, Qızıl Aypara, həmçinin rayondakı digər cəmiyyətlərinin rayon şöbələrinin üzvləri iştirak etmişlər. Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev bayram tədbirində iştirak edənləri salamlayaraq onları mübarək Ramazan ayı münasibəti ilə rayon İcra Hakimiyyəti adından təbrik etmişdir. Qeyd olunmuşdur ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda bu ayda bir çox yerlərdə iftar süfrələri açılmışdır ki, bu da ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.
Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoydu müdrik siyasət nəticəsində mümkün olduğu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyi vurğulanmışdır. Yavər Allahverdiyev respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışmış, ramazanla bağlı rayonda keçirilən tədbirlər barədə məlumat vermiş, bu ayda təşkil olunan tədbirlərin cəmiyyətimizin vahidliyinin, ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirərək sakinləri Mübarək Ramazan bayramı münasibəti ilə təbrik etmişdir.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu Ramazan ayında göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən əziz bayram münasibəti ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, məcburi köçkün ailələrinə, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvlərinə, həmçinin rayonun təsərrüfat xidmətlərinin texniki işçiləri də daxil olmaqla - ümumilikdə 1000-dən çox ailəyə təqdim olunmuş, bayram münasibəti iki gün ərzində ilə imkansızlara 500 paya qədər qurban əti də paylanmışdır.