Şriftin ölçüsü :

Saytın rəngi :

“Sabahın alimləri” IV Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar

14 fevral 2015 | 16:00

Fevralın 12-dən 14-dək Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsi keçirilib.

Müsabiqə Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və İntel İSEF ilə birgə reallaşdırılıb.

Fevralın 14-də Heydər Əliyev Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə Təhsil nazirinin müavini Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin elmə, təhsilə böyük əhəmiyyət verdiyini, dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib. Qeyd olunub ki, “Sabahın alimləri” IV Respublika müsabiqəsinin Heydər Əliyev Mərkəzində keçirilməsi xüsusi önəm kəsb edir. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil edilir.

“Sabahın alimləri” IV Respublika müsabiqəsində 204 şagird 106 elmi layihə ilə iştirak edib. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim ediblər.

Üç gün davam edən müsabiqənin sonuncu günü - fevralın 14-də “Açıq qapı” saatları təşkil edilib, şagird və müəllimlərə layihələrlə tanış olmaq imkanı yaradılıb.

Müsabiqəyə təqdim olunan layihələr münsiflər heyəti tərəfindən səkkiz nominasiya üzrə qiymətləndirilib, nəticədə 47 layihə I, II və III yerlərə layiq görüb.

Yarışmanın qalibi olan üç layihənin müəllifi mayda ABŞ-da keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, İntel Korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva “Sabahın alimləri” IV Respublika müsabiqəsinin əhəmiyyətindən danışıb, onun elmə, təhsilə töhfə verəcəyinə əminliklərini vurğulayıb, qalibləri təbrik ediblər.

Sonda qaliblərə diplom, medal və digər mükafatlar təqdim olunub.

Sevindirici haldır ki, Səbail rayonunun orta məktəblərinin şagirdləri də bu müsabiqədə yaxından iştirak etmişlər.  

Yarışmada artıq 3-cü dəfə iştirak edən 189-190 saylı orta məktəbin şagirdləri - Gülər Əzizova, Ayna Zərbəliyeva və elmi rəhbər Sevda Nadirova «Ekologiya» sahəsi üzrə “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qalibi olmuşlar.
7 saylı orta məktəbin şagirdi Firavan Əlizadə «Biologiya» sahəsi üzrə II yerə, 6 saylı məktəb-liseyin şagirdləri Aysel Rzayeva, Nərgiz Məmmədzadə və Nəzrin Qaçayzadə «Tibb» sahəsi üzrə, 132-134 saylı Təhsil Kompleksinin şagirdləri Məcidova Fəridə və Aydın Qaradağlı «Ekologiya» sahəsi üzrə, Aytən Said, Nuri Əmiraslan və Səbinə Qədirova «Biologiya» sahəsi üzrə  III yerə layiq görülmüşlər.

Keçidlər