Şriftin ölçüsü :

Saytın rəngi :

132-134 saylı Təhsil Kompleksində «Qədim Bakı xatirələri» adlı tədbir keçirilmişdir

12 mart 2015 | 16:00

12.03.2015  - Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində yeniyetmə və gənclər arasında mədəni  irsimizin təbliği, paytaxtımız Bakı şəhərinin və onun qədim tarixi abidələrinin yaxından öyrənilməsi məqsədi ilə «İçərişəhər» Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsinin «İçərişəhər» tarixi muzeyi ilə birgə «Qədim Bakı xatirələri» adlı tədbir keçirilmişdir.
     Səbail rayon İcra Hakimiyyəti, «İçərişəhər» DTMQ İdarəsinin nümayəndələrinin, «İçərişəhər» tarixi muzeyinin əməkdaşlarının, tarixçi-alimlərin, tədqiqatçıların, Təhsil Kompleksinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq iştirakçılara Təhsil Kompleksi, onun tarixi, məzunları barədə ətraflı məlumat vermişdir.
     Sonra Təhsil Kompleksində fəaliyyət göstərən muzey ekspozisiyasının zənginləşdirilməsi  məqsədi ilə «İçərişəhər» tarix muzeyinin fondunda olan fotolardan ibarət «Qədim Bakı» adlı güşənin və 150 illik tarixə malik olan Təhsil Kompleksinin əsaslı təmiri zamanı binanın özülündən aşkar olunmuş və mütəxəssis arxioloqlar tərəfindən rəy verilmiş artefaktlardan ibarət yeni ekspozisiyanın açılışı olmuşdur. 
     «İçərişəhər» tarixi muzeyinin direktoru Ceyhun Ağakişibəyli, «İçərişəhər» DTMQ İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi, tarix elmləri doktoru Vəfa Quliyeva, Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov çıxış edərək tədbirin əhəmiyyəti, şagirdlərin qədim tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulamışlar. 
     Kompleksin akt zalında keçirilən ədəbi hissədə Bakı tipajlarından  ibarət  etno – mədəni  canlı səhnəciyin   və  “Bakı tipajları” adlı sərginin nümayişi  təşkil olunmuşdur.
     Tədbirdə «Qədim Bakı xatirələri» mövzusunda çıxış dinlənilmiş, muzeyin fondunda saxlanılan foto şəkillər əsasında hazırlanmış «Qədim şəhərə səyahət» adlı film nümayiş etdirilmiş, İçəri şəhərdə çəkilmiş bədii və sənədli filmlərdən ibarət video-oyunlar, tapmacalardan ibarət viktorinalar keçirilmiş, musiqi nömrələri səsələnmişdir.
     Viktorinada və sual-cavabda fəallıq göstərən şagirdlərə hədiyyələr və İçəri şəhər muzeylərinə pulsuz baxış üçün «Şanslı bilet»lər təqdim olunmuşdur.

Keçidlər