Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaillilərin cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi

17 mart 2015 | 16:00

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində, İlaxır çərşənbə günündə Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. 
Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Səbaillilərlə birgə bu görüşdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ön cəbhədə, düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərimizin bayramını təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulamışdır.
Respublika Hərbi Prokurorluğunun şöbə rəisi, polkovnik Nazim Orucov Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru general-leytenant Xanlar Vəliyevin əsgərlərə təbrik məktubunu oxumuşdur. 
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı adından çıxış edən  polkovnik-leytenant Ruslan Ağasıyev şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Sonra respublikamızın tanınmış incəsənət ustaları   döyüşçülərimiz üçün böyük   konsert proqramı təşkil olunmuşdur.  Əməkdar artist Aygün Bəylərin, populyar ifaçı Elçin Məmmədovun və musiqiçı Vüqar Mövlayevin gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.
Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra Hakimiyyətinə və  incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Səbail RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.
Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.
Cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri rayon ilə sıx   dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olmuşlar.
Rayon nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olmuş və böyük bayram konserti təşkil olunmuşdur. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər